SABUN HAQQINDA DOĞRU BİLDİYİMİZ YANLIŞLAR

SABUN HAQQINDA DOĞRU BİLDİYİMİZ YANLIŞLAR

Bəs hansı sabunun daha keyfiyyətli olduğunu bilirikmi? Bəzən bizə elə gəlir ki,  qoxusu uzun müddət davam edən, gözoxşayan rənglərdə olan, kremli, qliserinli və köpüklü sabun daha keyfiyyətli və sağlamlıq üçün daha faydalıdır. Amma bu belə deyil.

14 ildir sabun sənayesində çalışan Nedim Yurtsever getdikcə daha çox qatqı maddələrindən istifadə olunmasının cəmiyyəti səhv istiqamətləndirdiyini bildirir. Mütəxəssis saf sabunun daha keyfiyyətli və faydalı olduğunu deyir.  O, sabun seçərkən vətəndaşların onun rənginə və qoxusuna aldanmamalarını məsləhət görür: “Çox pis, çox bərbad bir sabunun üzərinə iki damla ətir sıxmaqla ona “keyfiyyət” donu geydirmək olar. Amma buna aldanmamalıyıq. Aldığınız sabunların qoxusuz olması daha yaxşıdır. Ən azından bu o deməkdir ki, qoxu ilə nəyi isə gizlətməyə çalışmayıblar. Onu da əlavə edək ki, qoxular heç vaxt təbii olmur. Dünyanın ən keyfiyyətli təbii ətiri təsirini ən çox 5 saat göstərir. Lakin sabunlar bu gün marketlərdə aylarla qalır, qoxusunu da saxlayır. Onun səbəbi sabunda kimyəvi maddələrin istifadə edilməsidir. Belə sabunla yuyunarkən həmin maddələr bədəndəki məsamələri tutur. Bu da dəri xərçənginə səbəb ola bilər”.

Kremli və qliserinli sabunların da dərinin məsamələrini bağladığını deyən Yurtsever onların sabunu sabunluqdan çıxardığını vurğulayır: “Sabunun xüsusiyyəti təmizlikdir. İnsanlar sabunu bədəni təmizlənsin və məsamələri açsın deyə istifadə edirlər. Amma krem və qliserinli sabunlar məsamələri bağlayır və dərinin hava almasını mane olur. Vətəndaş “Bu sabun bədənimi çox yaxşı yumşaldır”, — deyə düşünürsə, səhvə yol verir”.

Yurtsever sabun seçərkən “köpük” faktoruna da aldanmamağı lazım bilir: “Yaxşı köpüklənmə sabunun keyfiyyət göstəricisi deyil. Köpük sabunda istifadə edilən yağla adamın saçındaki yağın uyğunlaşması nəticəsində meydana gəlir. Sabunun mayası “kostik” deyilən bir kimyəvi maddədən ibarətdir. Bəzən qurumuş, üzəri unlanmış sabuna rast gəlirik. Bu unlanma sabunun uzun müddət qaldığına görə üstünə çıxan kostiktir. Kostik faydalı maddə deyil. Sabun istehsalında ondan mümkün qədər az istifədə olunmalıdır. Amma bir çox istehsalçı kostikdən gen-bol istifadə edir. Çünki kostik sabunun yaxşı köpüklənməsini təmin edir. Ona görə də sabun seçərkən köpük faktoru əsas götürülməməlidir”,

Yurtsever deyir ki, təbii sabunlar müəyyən bir müddət sonra çatlayır, tərkibində müxtəlif kimyəvi maddələr olan sabunlar isə görkəmini itirmir: “Çatlayan sabunu suyun altına qoysanız bir müddətdən sonra əriyəcək, təbii olmayan isə daş kimi qalacaq. Niyə? Çünki, təbii olmayan sabunlarda gips tozu, sümük tozu kimi qatılaşdırıcı maddələr istifadə edilir”.

Nedim Yurtsever bitki mənşəli sabunların eqzema, göbələk və sızanaq kimi dəri xəstəliklərinin müalicəsi üçün faydalı olduğunu, sabun seçərkən belələrinə üstünlük verməyi tövsiyə edir.

Share:

Leave a Comment

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *